Yeni tranzit istiqaməti

50

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanda istehsal olunan dizel yanacağının Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi terminalı vasitəsilə dünya bazarlarına tranziti imkanlarını nəzərdən keçirir.

Denizxeber.az bildirir ki, bunu SOCAR-ın Beynəlxalq biznesin inkişafı departamentinin rəhbəri Toğrul Köçərli bildirib.

“Hazırda ‘SOCAR Trading’ Özbəkistandan nafta yükləyərək Qara dəniz limanlarına çatdırır. Nəzərdən keçirilən məhsul dizeldir. Söhbət Özbəkistanda istehsal olunan dizel yanacağından gedir. Əgər razılığa gəlsək, bu məhsul da Kulevidəki terminalımız vasitəsilə ixrac olunacaq”, – deyə o bildirib.

Departament rəhbəri qeyd edib ki, milli neft məhsullarının tranziti və beynəlxalq bazarlara çıxarılması istiqamətində Azərbaycanın çoxillik biznes tərəfdaşları olan Qazaxıstan və Türkmənistandan fərqli olaraq, Özbəkistanla bu sahədə əməkdaşlığa yalnız cari ildə başlanılıb.

“Əslində, birgə işin təməli xeyli əvvəl – tərəflər arasında yaradılmış üçillik ‘Turan’ enerji layihəsi çərçivəsində qoyulub. Lakin onun praktiki icrasına və aktiv əməliyyat fəaliyyətinə məhz bu ildən başlanılıb”, – T.Köçərli əlavə edib.

Qeyd edək ki, SOCAR tərəfindən idarə olunan Kulevi terminalı və dəniz limanı 16 may 2008-ci ildə fəaliyyətə başlayıb. Terminal karbohidrogenlərin və neft-kimya məhsullarının nəqli üçün nəzərdə tutulub.

Kulevi terminalının xidmətlərinə karbohidrogenlərin və neft-kimya məhsullarının dəmir yolu ilə qəbulu, rezervuarlara nəqli, saxlanması, gəmilərə yüklənməsi və liman qurğularının istismarı daxildir.