Orta Dəhlizin rəqabət qabiliyyətliliyini yalnız ayrı-ayrı infrastruktur obyektlərinin təkmilləşdirilməsi ilə məhdudlaşdırmaq deyil, onu hərtərəfli şəkildə qiymətləndirmək lazımdır.
Denizxeber.az bildirir ki, bunu Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Pərhat Yağşıyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
“Orta Dəhlizin rəqabət qabiliyyətinə kompleks şəkildə baxılmalıdır. Bu, təkcə infrastrukturun ayrı-ayrı sahələrinin yaxşılaşdırılmasını deyil, həm də vahid, əlaqələndirilmiş və proqnozlaşdırıla bilən nəqliyyat-logistika sisteminin formalaşdırılmasını nəzərdə tutur”, – o qeyd edib.
P.Yağşıyev marşrutun inkişafının əsas prioritetləri sırasında dəmir yolları və avtomobil magistrallarının, limanların və terminalların daxil olduğu fiziki infrastrukturun modernləşdirilməsini, eləcə də onların buraxılış qabiliyyətinin artırılmasını göstərib.
Bundan əlavə, Türkmənistan nazirinin müavini yükdaşımaların sürətinin artırılması və proseslərin proqnozlaşdırıla bilməsinin təmin edilməsinin vacibliyini vurğulayıb.
“Bu vəzifənin həyata keçirilməsi üçün tarif siyasətinin, hərəkət qrafiklərinin və yüklərin emalı prosedurlarının razılaşdırılmasını davam etdirmək lazımdır”, – P.Yağşıyev bildirib.





