Azərbaycanın coğrafi mövqeyi investisiya cəlbediciliyinin əsas üstünlüklərindən biri hesab olunur. Lakin müasir qlobal iqtisadiyyatda bu üstünlüyün real iqtisadi dəyərə çevrilməsi üçün onu nəqliyyat infrastrukturu, beynəlxalq bazarlara çıxış, dayanıqlı təchizat zəncirləri, logistika imkanları və əlverişli biznes mühiti ilə tamamlayan sistemin formalaşdırılması vacibdir.
Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun gündəliyində də Cənubi Qafqazın qlobal bağlantıdakı rolu, Orta Dəhlizin ticarət, sənaye və bağlantı potensialı, sənaye platformaları, azad iqtisadi zonalar, regional təchizat zəncirləri və investisiya imkanları xüsusi yer tutur.
Denizxeber.az bildirir ki, bu fikirlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri İsa Qasımovun mövzu ilə bağlı şərhində yer alıb.

O bildirib ki, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın dəmir yolu və avtomobil magistrallarını Xəzər dənizi ilə birləşdirən strateji multimodal logistika qovşağıdır. Liman Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Cənubi Qafqaz–Türkiyə–Avropa istiqamətində inkişaf edən Orta Dəhlizin əsas infrastruktur komponentlərindən biridir.
Rəsmi məlumatlara görə, Bakı Limanının mövcud yükaşırma imkanları 15 milyon ton yük və 100 min TEU təşkil edir. Növbəti inkişaf mərhələsində bu göstəricilərin 25 milyon ton və 500 min TEU-ya çatdırılması nəzərdə tutulur.
2026-cı ilin yanvar–avqust aylarında Bakı Limanında 5,5 milyon tondan çox yük və 85 min TEU-dan çox konteyner aşırılıb. Konteyner dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artıb, quru yük aşırılması isə 1,6 milyon tona çataraq 80 faiz yüksəlib.
İsa Qasımovun sözlərinə görə, Bakı Limanının investisiya baxımından əhəmiyyəti yalnız yük qəbul etməkdən ibarət deyil. Limanın yaratdığı bağlantılar logistika, anbar, distribusiya, emal, qablaşdırma və digər əlavə dəyər yaradan fəaliyyətlərin Azərbaycanda yerləşdirilməsi üçün imkanlar formalaşdırır.
Bu baxımdan Bakı Limanının yaxınlığında Ələt Azad İqtisadi Zonasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Bakı Limanı beynəlxalq bazarlara multimodal çıxış təmin etdiyi halda, Ələt AİZ istehsal, investisiya və biznes fəaliyyəti üçün xüsusi iqtisadi və hüquqi mühit yaradır. Belə inteqrasiya Azərbaycanın tranzit funksiyasını istehsal və ixrac imkanları ilə tamamlamasına şərait yaradır.
Mütəxəssis qeyd edib ki, Bakı Limanının investisiya cəlbediciliyində rolunu Orta Dəhlizdən ayrı nəzərdən keçirmək mümkün deyil. Əsas məqsəd yük axınlarının yalnız Azərbaycan ərazisindən keçməsini deyil, həmin axınların ölkə daxilində investisiya, istehsal, emal, logistika və ixrac fəaliyyətinə çevrilməsini təmin etməkdir.
İsa Qasımov vurğulayıb ki, investisiya cəlbediciliyi yalnız yeni infrastrukturun yaradılması ilə məhdudlaşmır. Liman, dəmir yolu, avtomobil yolları, gömrük, sərhəd prosedurları və logistika xidmətlərinin vahid sistem kimi fəaliyyət göstərməsi investorlar üçün mühüm amildir.
2025-ci ildə Bakı Limanının Azərbaycan Dəmir Yollarının strukturuna inteqrasiyasından sonra liman və dəmir yolu əməliyyatlarının vahid idarəetmə modelində əlaqələndirilməsi, həmçinin limanda Vahid Tranzit Mərkəzinin yaradılması bu istiqamətdə atılan addımlardan biri kimi qiymətləndirilir.
Beləliklə, Azərbaycanın strateji coğrafi mövqeyi artıq yalnız tranzit üstünlüyü kimi deyil, regional bağlantı, istehsal, investisiya və əlavə iqtisadi dəyər yaratmaq imkanları ilə birlikdə nəzərdən keçirilir.





