Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi ABŞ və İran arasında münaqişədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 75 faiz aşağı olaraq qalır.
Denizxeber.az bildirir ki, bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Qurumun məlumatına görə, boğazdan keçən gəmilərin əksəriyyətini neft tankerləri təşkil edir. İyulun 26-dan etibarən UKMTO-ya daxil olan mərmi atəşləri ilə bağlı 43 insidentin 26-sı Oman sahilləri yaxınlığındakı cənub marşrutunda qeydə alınıb.
İranın Hörmüz boğazına nəzarət idarəsi (PGSA) isə boğazın akvatoriyasında icazəsiz marşrutlarla hərəkət edən gəmilərin ciddi məhdudiyyətlərlə üzləşəcəyi barədə xəbərdarlıq edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı planını rədd etdiyini açıqlayıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts isə bu qərarı İran tərəfinə etimadın olmaması ilə izah edib.





