1 Oktyabr – Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə sentyabrın 28-də Azərbaycan Respublikası Baş Prokurorluğunda tədbir keçirilib.
Denizxeber.az bildirir ki, tədbirdən əvvəl Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib, onların xatirəsinə gül dəstələri qoyub.
Daha sonra prokurorluğun kollektivi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib və “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri düzüb.
Baş Prokurorluğun inzibati binasında davam etdirilən tədbirdə Baş prokuror Kamran Əliyev prokurorluq əməkdaşlarını və veteranları peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan Prokurorluğunun 108 illik inkişaf yolundan və qarşıda duran vəzifələrdən danışıb.
Çıxışda müasir Azərbaycan Prokurorluğunun formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi və institusional islahatların prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə verdiyi töhfələr xüsusi vurğulanıb.
Tədbirdə prokurorluğun maddi-texniki bazasının gücləndirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi, “Elektron Prokurorluq” informasiya sisteminin inkişaf etdirilməsi, işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin bərpası və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Xidməti fəaliyyətində fərqlənən bir qrup prokurorluq əməkdaşının təltif olunması mərasimi də keçirilib.
Daha sonra prokurorluq veteranları çıxış edərək qurumun 108 illik inkişaf yolundan, prokurorluq peşəsinin ənənələrindən və müxtəlif nəsilləri təmsil edən əməkdaşların qanunçuluğun təmin olunması istiqamətində fəaliyyətindən bəhs ediblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş “108 il – Qanunun keşiyində” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.
Filmdə Azərbaycan Prokurorluğunun 108 illik tarixi, formalaşması və inkişaf mərhələləri, ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının inkişafındakı rolu, müasir dövrdə həyata keçirilən hüquqi və institusional islahatlar, eləcə də müxtəlif nəsilləri təmsil edən prokurorluq əməkdaşlarının peşəyə münasibəti əks olunub.
Tədbirin sonunda prokurorluq əməkdaşlarının bundan sonra da qanunun aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, dövlətçilik ənənələrinin və ictimai maraqların qorunmasına layiqli töhfələr verəcəklərinə əminlik ifadə olunub.





