Qlobal logistikada dönüş

38

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM), yəni Orta Dəhlizin bütün potensialının reallaşdırılması Azərbaycanda ÜDM-in 1,84 faiz həcmində əlavə artımını təmin edə bilər. Bu, cari qiymətlərlə təxminən 1,3 milyard ABŞ dollarına bərabərdir.

Denizxeber.az “Report”a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının “İnteqrasiya: Transxəzər nəqliyyat marşrutu boyunca yüksək səviyyəli ticarət logistikası” adlı hesabatında bildirilir.

Hesabata əsasən, dəhlizin fəaliyyətinin genişləndirilməsi Azərbaycanda ümumi məşğulluğun 1,5 faiz artmasına imkan verə bilər.

Azərbaycan üçün iqtisadi artımın əsas mənbələri tranzit yükdaşımalarından əldə olunan gəlirlərin artması, liman və dəmir yolu sektorlarında işgüzar fəallığın yüksəlməsi, həmçinin Mərkəzi Asiya və Avropa ölkələri ilə ticarət əlaqələrinin genişlənməsi olacaq.

Dünya Bankının analitikləri qeyd ediblər ki, bu potensialın reallaşdırılması üçün Azərbaycanda liman və dəmir yolu infrastrukturunun modernləşdirilməsinin davam etdirilməsi, eləcə də gömrük prosedurlarının sürətləndirilməsi məqsədilə rəqəmsal həllərin tətbiqi zəruridir.

Hesabata görə, TBNM-in inkişafı uzunmüddətli perspektivdə iştirakçı ölkələrin ümumi ÜDM-ni 3,3 faiz artıra bilər. Bu, cari qiymətlərlə 58 milyard ABŞ dollarına bərabərdir. Dəhliz ölkələrində ümumi məşğulluğun isə 2,9 faiz artacağı proqnozlaşdırılır.

ÜDM-in mütləq ifadədə ən böyük artımının regionun iri iqtisadiyyatları olan Türkiyə və Qazaxıstanda qeydə alınacağı gözlənilir. Türkiyədə artımın 47,1 milyard dollar və ya 4,11 faiz, Qazaxıstanda isə 6,14 milyard dollar və ya 2,22 faiz olacağı proqnozlaşdırılır.

Azərbaycan üçün hesabatda ÜDM-in 326 milyon dollar və ya 0,43 faiz artacağı da qeyd olunur. Nisbi göstəricilərə görə isə ən böyük üstünlükləri dənizə çıxışı olmayan kiçik iqtisadiyyatların, ilk növbədə Qırğızıstanın (4,83 faiz) və Gürcüstanın (3,61 faiz) əldə edəcəyi bildirilir.

Dünya Bankı vurğulayıb ki, dəhlizin potensialının tam reallaşdırılması yalnız infrastruktur layihələrinə investisiyaların artırılmasını deyil, həm də rəqəmsallaşma və dövlət nəqliyyat şirkətlərində islahatlar daxil olmaqla, kompleks institusional dəyişikliklərin həyata keçirilməsini tələb edir.

Bankın məlumatına görə, Ermənistan hazırda TBNM-in qəbul edən ölkələri sırasında olmasa da, 2030-cu illərdə marşrutla birbaşa fiziki bağlantıların yaradılması ehtimal olunur. Hesabatın 2023–2040-cı illəri əhatə edən analitik dövrünü nəzərə alaraq, Ermənistan da hesablamalara daxil edilib.