BP “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının Dərinsulu Günəşli ərazisində çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb.
Denizxeber.az bildirir ki, 2025-ci ilin dördüncü rübündə başlanılan proqram təhlükəsiz şəkildə və nəzərdə tutulan qrafikdən əvvəl tamamlanıb. Proqram çərçivəsində yeddi sualtı quyuda müdaxilə əməliyyatları həyata keçirilib.
Sualtı müdaxilə işləri zamanı bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyasından istifadə olunub. “Blue Ocean” dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan bu texnologiya “Oceaneering International” şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir.
Texnologiya ənənəvi qazma dikborularından istifadə etmədən sualtı quyulara çıxış yaratmağa imkan verir. Həmçinin proqram ərzində quyulara nəzarətin həyata keçirilməsi, təzyiqin saxlanılması və bütün sualtı müdaxilə əməliyyatlarının icrasını təmin edib.
Quyularda müdaxilə işləri “Xankəndi” sualtı tikinti gəmisindən həyata keçirilib. Bunun üçün gəmidə QDYM sistemi inteqrasiya olunub və “Xankəndi” layihəni quyuya yüngül müdaxilə gəmisi kimi dəstəkləyib. Bu texnologiyanın tətbiqi də Xəzərdə ilk dəfə reallaşdırılıb.
Layihənin əsas yeniliklərindən biri “Xankəndi” gəmisində ilk dəfə şaxta (moonpool) sisteminin quraşdırılması və istifadəsi olub. Gəminin mərkəzi hissəsinə yaxın yerləşən şaxta gövdənin ortasından birbaşa dənizə açılan şaquli keçid yaradaraq sualtı avadanlıqların, məsafədən idarə olunan sualtı aparatların və quyuya müdaxilə alətlərinin təhlükəsiz şəkildə dəniz dibinə endirilməsinə imkan verib.
Proqram çərçivəsində ənənəvi üsullarla müdaxilənin çətin hesab olunduğu yeddi sualtı quyuda əməliyyatlar uğurla həyata keçirilib.
Şirkətin məlumatına görə, proqram quyuların daha yaxından izlənilməsinə, lay təzyiqinin idarə olunması və hasilat səviyyəsinin artırılması imkanlarının müəyyənləşdirilməsinə şərait yaradıb. Bununla da AÇG yatağının gələcək potensialının üzə çıxarılması istiqamətində aparılan işlərə dəstək verilib.







