Ümumdünya Quduzluqla Mübarizə Günü qeyd olunur

53

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) qərarı ilə hər il sentyabrın 28-i dünyada Ümumdünya Quduzluqla Mübarizə Günü (World Rabies Day) kimi qeyd olunur.

WOAH-nin əsas məqsədi 2030-cu ilədək sahibsiz itlər vasitəsilə insanlara quduzluğun ötürülməsi hallarını aradan qaldırmaqdır.

Denizxeber.az bildirir ki, WOAH-nin məlumatına görə, dünyada hər il təxminən 70 min insan quduzluq səbəbindən həyatını itirir. İnsanlarda yoluxma hallarının təxminən 99 faizi quduz itlərin dişləməsi nəticəsində baş verir.

Bununla yanaşı, quduzluq yalnız itlərdən deyil, canavar, tülkü və pişiklər kimi heyvanlardan da insana keçə bilər. Bu səbəbdən heyvan dişləməsi və ya cırmaqlaması zamanı vaxt itirmədən həkimə müraciət etmək vacibdir.

Quduzluq diaqnozu epidemioloji məlumatlar, klinik əlamətlər və laborator müayinələr əsasında müəyyən edilir. Xəstəlik klinik mərhələyə keçdikdən sonra effektiv müalicəsi olmadığından, vaxtında profilaktik tədbirlərin görülməsi həyati əhəmiyyət daşıyır.

Xəstəliyin ilkin əlamətləri qripə bənzəyə bilər. Sonrakı mərhələlərdə isə sudan və işıqdan qorxma, psixonevroloji pozuntular, aqressiv davranış, udma çətinliyi, ağızdan köpük gəlməsi, yüksək hərarət və yuxusuzluq kimi ağır simptomlar meydana çıxa bilər.

Heyvan tərəfindən dişlənmə, cırmaqlanma və ya zədələnmiş dərinin yalaması baş verdikdə yara dərhal sabun və bol təmiz su ilə yuyulmalı və mümkün qədər tez tibbi yardıma müraciət edilməlidir. Həkimin göstərişi ilə quduzluğa qarşı vaksinasiya və digər profilaktik tədbirlər həyata keçirilməlidir.

Sahibsiz heyvanların sayının artması, küçə it və pişiklərinin vaxtında sterilizasiya və peyvənd edilməməsi ciddi sanitar-epidemioloji risklər yaradır. Bu təhlükələrin qarşısının alınması üçün ev heyvanlarının mütəmadi peyvəndlənməsi, sahibsiz heyvanlarla birbaşa təmasdan çəkinilməsi, həmçinin küçə heyvanlarının sterilizasiya, peyvəndləmə, baytarlıq xidməti, sığınacaq və sahibləndirmə kimi humanist tədbirlərlə əhatə olunması vacibdir.