İran Hörmüz boğazının yenidən açılması ilə bağlı ABŞ-yə təqdim etdiyi təklifə Vaşinqtonun rəsmi cavabını gözləyir.
Denizxeber.az bildirir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Qətərin vasitəçiliyi ilə İran tərəfi ilə danışıqlar aparılıb və əldə olunan təkliflər ABŞ-yə çatdırılacaq. Bundan sonra Vaşinqtonun yekun cavabının Tehrana təqdim olunması gözlənilir.
Əraqçinin sözlərinə görə, Qətər tərəfi ABŞ-dən cavabın bu gün alınacağına ümid edir. Nazir qeyd edib ki, İranın Hörmüz boğazının açılması üçün müəyyən şərtləri var və son görüşlərdə Qətər vasitəçiləri ilə həmin şərtlərin həyata keçirilməsi yolları müzakirə olunub.
Məlumata görə, danışıqlar İranın ABŞ-yə təqdim etdiyi yeddigünlük plan çərçivəsində aparılır. Planın şərtlərinə ABŞ-nin müəyyən tələbləri yerinə yetirməsi müqabilində Tehranın bir həftə ərzində Hörmüz boğazını açması daxildir. “Reuters”in məlumatına görə, təklif hərbi əməliyyatların dayandırılması, İranın dondurulmuş aktivlərinin açılması və neft sektoruna qarşı sanksiyaların yumşaldılması məsələlərini də əhatə edir.




