ABŞ-nin regiondakı nəhəng dəniz armadası strateji mövqelərdə saxlanılır

36

İran yaxınlığında əməliyyat missiyalarını davam etdirən ABŞ Hərbi Dəniz Qüvvələrinin qrupunda hazırda 20-dən çox döyüş gəmisi olduğu bildirilir.

Denizxeber.az bildirir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iki təyyarədaşıyan gəmi – USS George Bush və USS George Washington – İran sahillərinin cənub-şərqində, Ərəb dənizində döyüş növbətçiliyi aparır. Bu gəmilər ümumilikdə 100-dən çox qırıcı təyyarə, həmçinin elektron müharibə və havadan erkən xəbərdarlıq təyyarələri daşıyır.

Təyyarədaşıyanlarla yanaşı, bölgədə, o cümlədən Hörmüz boğazının şərqində yerləşən Oman körfəzində “Tomahawk” qanadlı raketləri ilə təchiz edilmiş 10 esminesin olduğu bildirilir. Bu raketlərin uçuş məsafəsi təxminən 1600 kilometrdir.

Üç böyük desant gəmisindən ibarət amfibiya hücum qrupu da Oman körfəzində missiyalar həyata keçirir. Qrupun tərkibində təxminən 2200 hərbçidən ibarət 11-ci Dəniz Ekspedisiya Birliyi, həmçinin iki eskadrilya F-35 şaquli qalxma və enmə qabiliyyətinə malik qırıcıları, tiltrotor təyyarələri, hücum və nəqliyyat helikopterləri və desant katerləri yer alır.

Qırmızı dənizdə daha iki idarəolunan raket esminesi, Hind okeanında isə bir kreyser və üç esminesin yerləşdiyi qeyd olunur.

Bundan əlavə, İran yaxınlığında fəaliyyət göstərən ABŞ Hərbi Dəniz Qüvvələri qrupuna ekspedisiya dəniz təchizatı bazası kimi istifadə olunan USS Miguel Keith gəmisi də daxildir.