İtaliyanın mərkəzində yerləşən Medzano gölündə aparılan sualtı arxeoloji tədqiqatlar zamanı Tunc dövrünə aid yaxşı qorunmuş bürünc qılınc aşkarlanıb.
Denizxeber.az bildirir ki, bu barədə regionun arxeoloji irsinin qorunmasına cavabdeh olan idarənin “Facebook” səhifəsində məlumat yayılıb.
Qılınc sentyabrın 28-də Latsio vilayətinin şimalındakı vulkanik ərazidə yerləşən gölün sahilində aşkarlanıb. Bu, 1970-ci illərdən etibarən Medzano gölünün dibindən çıxarılan üçüncü qılıncdır.
Gölün dibində təxminən e.ə. 1700–1150-ci illərdə mövcud olmuş Tunc dövrü yaşayış məntəqəsinin qalıqları yerləşir. Yaşayış məntəqəsi dirəklər üzərində salınıb. Arxeoloqlar gölün dibində 600-dən çox taxta dirəyin yerini müəyyənləşdiriblər. Bununla belə, bu sayın yaşayış məntəqəsinin yalnız təxminən üçdəbir hissəsini əhatə etdiyi bildirilir.
Arxeoloqlar qılıncların gölə təsadüfən düşməsi ehtimalı ilə yanaşı, onların ayin məqsədilə suya atılmış ola biləcəyini də araşdırırlar.
Medzano gölü metal əşyalarla yanaşı, keramika, taxta məmulatlar, heyvan sümükləri, dəyirman daşları və tikili elementlərinin qorunub saxlanılması baxımından da arxeoloqlar üçün əhəmiyyətli tədqiqat ərazisidir.
Gölün dibində oksigenin az olduğu gil təbəqəsinin mövcudluğu müxtəlif əşyaların, xüsusilə də bürünc nümunələrin yaxşı vəziyyətdə qorunub saxlanmasına şərait yaradıb.









