CENTCOM: Yaxın Şərqdə 125 ticarət gəmisi nəzarətə götürülüb

57

ABŞ Hərbi Dəniz Qüvvələri İranın dəniz blokadasını bərpa etdikdən sonra bu ölkə ilə əlaqəli olduğu bildirilən və İran limanlarına hərəkət edən 125 ticarət gəmisini ələ keçirib.

Denizxeber.az bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

CENTCOM-un açıqlamasına görə, sentyabrın 30-na olan vəziyyətə əsasən, ABŞ Hərbi Dəniz Qüvvələri müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək məqsədilə həmin gəmilərin istiqamətini dəyişdirib.

Qeyd olunub ki, yalnız son yeddi gün ərzində ABŞ ordusu 10 ticarət gəmisini nəzarətə götürüb.

Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələri iyulun 14-də İran limanlarına doğru hərəkət edən gəmilərə qarşı dəniz blokadasını yenidən tətbiq edib.

CENTCOM-un məlumatına görə, daha əvvəl – aprelin 13-dən iyunun 18-dək qüvvədə olmuş oxşar rejim zamanı ABŞ qüvvələri 142 gəminin istiqamətini dəyişib, müəyyən edilmiş qaydalara tabe olmayan 9 gəmini sıradan çıxarıb. Eyni zamanda, humanitar yük daşıyan 50-dən çox gəminin keçidinə icazə verilib.