Hörmüz boğazından LNG daşımaları rekord həddə çatıb

60

Analitik şirkətlərin məlumatlarına görə, davam edən təhlükəsizlik narahatlıqlarına və qeyri-müəyyənliyə baxmayaraq, sentyabr ayında Hörmüz boğazından keçən mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarının sayı ABŞ-İran müharibəsinin başlamasından bəri ən yüksək aylıq səviyyəyə çatıb.

Denizxeber.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, “S&P Global Energy” şirkətinin məlumatına əsasən, sentyabr ayında bu strateji su yolu vasitəsilə ümumilikdə 19 LNG yükü daşınıb.

“S&P Global Energy”nin aparıcı analitiki Erik Yep bildirib ki, bu göstərici ABŞ və İran arasında əldə olunmuş razılaşmanın qüvvəyə minməyə başladığı iyun ayında qeydə alınan 15 daşınma ilə müqayisədə daha yüksəkdir.

Onun sözlərinə görə, sentyabrın ikinci yarısında Hörmüz boğazından LNG daşımaları sürətlənib. Bu tendensiya oktyabr ayında da davam edərsə, aylıq daşımaların müharibədən əvvəlki səviyyənin təxminən 25 faizinə qədər bərpa oluna biləcəyi gözlənilir.

“Kpler” şirkətinin məlumatlarına görə isə sentyabr ayında Hörmüz boğazından ümumilikdə 21 LNG yükü keçib. Bu, iyun ayındakı göstəricidən 15 tanker çoxdur.

Münaqişəyə baxmayaraq, son həftələrdə “QatarEnergy” ilə əlaqəli daha çox LNG gəmisi boğazdan keçib. “Kpler” və LSEG-in gəmi izləmə məlumatlarına əsasən, bu həftə Qətərin Ras Laffan ixrac terminalından yüklənən daha üç LNG gəmisi su yolunun yaxınlığında qeydə alınıb. Onlardan ikisi “QatarEnergy” ilə əlaqəli “Al Kharaij” və “Al Gharrafa” gəmiləridir.

Boğazdan keçən bir sıra gəmilər aşkarlanmaqdan yayınmaq üçün Avtomatik İdentifikasiya Sisteminin (AIS) transponderlərini söndürərək “qaranlıq tranzit” həyata keçirir.

Erik Yep bildirib ki, əsas narahatlıq LNG tranzitinin qış aylarında da Hörmüz boğazından davam edib-etməyəcəyidir. Onun sözlərinə görə, bu, İranın boğaz üzərindən daha yüksək həcmdə ixracı nəzarətin itirilməsi kimi qiymətləndirəcəyi halda daha ciddi hərbi eskalasiyaya gedib-getməyəcəyindən, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə karvanların davam edib-etməyəcəyindən asılı olacaq.

Fevralın 28-də başlayan müharibədən əvvəl qlobal xam neft və LNG tədarükünün təxminən beşdə biri Hörmüz boğazından keçirdi.