SOCAR Xəzər dənizində ilk dəfə “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını uğurla tamamlayıb.
Denizxeber.az bildirir ki, “Azneft”in istismar etdiyi yataqda 247,6 kvadratkilometr ərazini əhatə edən tədqiqat nəticəsində əldə olunmuş yüksək dəqiqlikli məlumatlar geoloji layların, tektonik qırılmaların və kollektorların daha ətraflı öyrənilməsinə imkan verəcək.
Əldə olunan məlumatlar, həmçinin yatağın geoloji modelinin təkmilləşdirilməsinə və gələcək qazma hədəflərinin daha dəqiq müəyyənləşdirilməsinə şərait yaradacaq.
Layihə SOCAR-ın Xəzər dənizində qabaqcıl geofiziki texnologiyaların tətbiqini genişləndirməsi və uzun müddətdir istismarda olan yataqların gələcək potensialının müasir texnologiyalar vasitəsilə daha dəqiq qiymətləndirilməsi baxımından mühüm addım hesab olunur.





