Filippinin Manila şəhərinin cənubunda yerləşən Kalaka limanında şəkər istehsalında istifadə olunan qatı şərbət daşıyan “Gindara” tankerində yanğın baş verib. Hadisə zamanı gəmi “Balayan Distillery” zavodunun yaxınlığındakı körpüdə olub.
Denizxeber.az bildirir ki, Filippin Sahil Mühafizəsinin məlumatına görə, yanğının gəminin mühərrik şöbəsində başladığı ehtimal edilir. Alov daha sonra yaşayış blokuna və gəminin körpüsünə yayılıb.
Yanğın baş verən zaman gəmidə 22 ekipaj üzvü olub. Onlardan 20-si təhlükəsiz şəkildə təxliyə edilib, iki nəfər isə xəsarət aldığı üçün xəstəxanaya çatdırılıb.
Hadisə yerinə Filippin Sahil Mühafizəsinin “BRP Malapascua” çoxməqsədli xilasetmə gəmisi göndərilib.
Sahil Mühafizəsinin məlumatına görə, oktyabrın 2-də gün ərzində gəminin körpüsü və üst tikililərində açıq alov müşahidə olunmayıb, lakin tüstülənmə davam edib.
Yanğının dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır.





