İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür.
Denizxeber.az xatırladır ki, 2020-ci il oktyabrın 4-də səhər saat 10 radələrində Ermənistan tərəfindən atılan raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya və fərdi yaşayış evlərinə düşüb.
Ermənistanın raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda həyata keçirilən ilk ciddi hücum olub. Gəncənin atəşə tutulması nəticəsində mülki şəxs Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 mülki şəxs yaralanıb. Yaşayış evləri ilə yanaşı, mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərinə ümumilikdə beş dəfə — oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də — raket və ağır artilleriya ilə hücum edib.
Nəticədə 26 nəfər həlak olub, 175 nəfər yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə də külli miqdarda ziyan dəyib.





