İraq və Türkiyə nümayəndələri Ceyhan limanı vasitəsilə neft ixracının artırılması məsələsini müzakirə ediblər.
Denizxeber.az bildirir ki, bu barədə İraq Neft Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın neft naziri Bəsim Məhəmməd Xudeyr əl-Abbadi Türkiyəyə səfəri çərçivəsində bu ölkənin energetika naziri Alparslan Bayraktarla görüşüb.
Görüşdə Ceyhan neft kəməri ilə ixracın davam etdirilməsi və iki ölkə arasında yeni neft ixracı sazişinin hazırlanması məsələləri müzakirə olunub. Tərəflər, həmçinin kəmərin ixrac gücünün artırılmasını və Türkiyə şirkətlərinin İraqın neft-qaz layihələrində iştirakını nəzərdən keçiriblər.
Hazırda Ceyhan istiqamətində ixrac gücünün gündəlik 750 min barel olması nəzərdə tutulur. Yeni çərçivə sazişi ilə bu göstəricinin 1,5 milyon barelə çatdırılması planlaşdırılır.
Marşrutun genişləndirilməsi Bağdad üçün neft ixracında alternativ imkanları artırmaqla yanaşı, Hörmüz boğazı üzərindən daşımalarla bağlı riskləri qismən azaltmağa imkan verə bilər.
Qeyd edək ki, Ceyhan boru kəmərinin texniki ötürücülük gücü gündəlik 750 min bareldir. Lakin İraq Hörmüz böhranının başlanmasından indiyədək bu kəmərlə gündəlik neft ixracında 170 min barel həddini keçə bilməyib.





