Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında imzalanmış “Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu”na əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Pakistanda keçirilən “Birgə xüsusi əməliyyat qüvvələri təlimində” iştirak edib.
Denizxeber.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kəraçi şəhərində keçirilən təlimdə xüsusi təyinatlılar terrorçu qruplar tərəfindən ələ keçirilmiş gəminin azad olunması, girovların xilas edilməsi və dalğıc fəaliyyəti üzrə tapşırıqları icra ediblər.
Təlim Azərbaycan və Pakistan hərbi qulluqçuları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, iştirakçı dövlətlərin standart əməliyyat qaydaları ilə tanışlıq, praktiki atışların və dəniz əməliyyatlarının real döyüş şəraitinə uyğunlaşdırılması, eləcə də antiterror əməliyyatları zamanı qarşılıqlı fəaliyyətin uzlaşdırılmasının təmin olunması məqsədilə keçirilib.
Azərbaycanı təmsil edən HDQ hərbi qulluqçuları təlim planına uyğun olaraq pakistanlı hərbçilərlə qarşılıqlı fəaliyyət şəraitində qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə və yüksək peşəkarlıqla yerinə yetiriblər.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.













