Ukraynadan İtaliyaya taxıl daşıyan gəmiyə PUA hücumu: Azərbaycan və Hindistan vətəndaşları həlak olub – YENİLƏNİB – FOTO – 2-VİDEO

85

Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı “Röyad Məmmədov” yük gəmisinin Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə, neytral sularda pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalması ilə bağlı yeni detallar məlum olub.

Denizxeber.az bildirir ki, gəminin heyəti ümumilikdə 13 nəfərdən ibarət olub. Onlardan 11-i Azərbaycan, 2-si isə Hindistan vətəndaşıdır.

Məlumata görə, gəmiyə iki PUA ilə hücum edilib. Dronlardan biri gəminin kapitan körpüsünə, digəri isə mətbəx hissəsinə zərbə endirib.

Hücum nəticəsində gəminin kapitanı və aşpazı həlak olub. Kapitanın adının Rüstəm olduğu bildirilir. Onun meyitini gəmidən çıxarmaq mümkün olub. Masallı sakini olan aşpazın meyiti isə zərbə alan və daha sonra batan gəmidə qalıb.

Hadisə zamanı xəsarət alan heyət üzvlərindən 8-i hazırda xəstəxanada müalicə olunur. Digər heyət üzvləri isə ilkin tibbi müayinədən sonra xəstəxanadan buraxılıblar.

Ukrayna Prezidenti Volodimir Zelenski də hadisə ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, Rusiyaya məxsus olduğu iddia edilən iki pilotsuz uçuş aparatı neytral sularda Türkiyə bayrağı altında üzən mülki taxıl gəmisinə zərbə endirib.

Zelenskinin sözlərinə görə, gəmidə Azərbaycan və Hindistan vətəndaşları olub. Onun paylaşımında qeyd edilir ki, ilkin məlumata əsasən, hücum nəticəsində gəminin kapitanı həyatını itirib, daha bir şəxsin taleyi isə naməlum olaraq qalıb. Gəminin 11 heyət üzvü xilas edilib.

Ukrayna Prezidenti Qara dənizdə təhlükəsizliyin təmin olunması və vəziyyətin deeskalasiyası üçün Ukraynanın dəfələrlə konkret təşəbbüslər irəli sürdüyünü vurğulayıb.

“Buna baxmayaraq, Rusiya normal dəniz gəmiçiliyini təmin etmək əvəzinə, mülki gəmiləri hədəf almağa davam edir. Qlobal ərzaq təhlükəsizliyinin bərpası üçün müvafiq təzyiqlərin göstərilməsi zəruridir və bu prosesdə maraqlı olan bütün tərəflərin dəstəyi vacib hesab edilir”, – deyə Zelenski bildirib.