SEPAH-dan İranın sərhəd təhlükəsizliyi ilə bağlı açıqlama

41

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, kontr-admiral Əli Fədəvi İran silahlı qüvvələrinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiləri ölkə sahillərindən təxminən 1000 kilometr uzaqlaşmağa məcbur etdiyini iddia edib.

Denizxeber.az “Press TV”yə istinadən xəbər verir ki, Fədəvi televiziya kanalına müsahibəsində ABŞ hərbi gəmilərinin İran sərhədlərindən 1000 kilometrdən çox geri çəkildiyini bildirib.

“ABŞ-lilər qaçaraq sərhədlərimizdən 1000 kilometrdən çox geri çəkildilər. Bu, onların şəxsi seçimi deyildi, İslam Respublikasının və SEPAH quru qoşunlarının qüdrəti nəticəsində baş verdi”, – deyə o bildirib.

Fədəvi iddia edib ki, hazırda Fars körfəzi, Hörmüz boğazı, Oman körfəzi və hətta Hind okeanının şimal akvatoriyasında ABŞ-a məxsus heç bir hərbi gəmi yoxdur.

SEPAH sözçüsü, həmçinin ABŞ hərbi gəmilərinin SEPAH tərəfindən həyata keçirilə biləcək raket hücumları qarşısında “100 faiz müdafiəsiz” vəziyyətdə olduğunu bildirib.

Qeyd edək ki, Fədəvinin bu açıqlaması ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanlarına tətbiq etdiyi dəniz blokadasının davam etdiyi bir vaxta təsadüf edir. Ötən həftə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) blokada qaydalarına əməl olunmasını təmin etmək məqsədilə iyul ayından etibarən İran limanlarına giriş-çıxış etməyə çalışan 125 kommersiya gəmisinin saxlanıldığını açıqlayıb.