Beynəlxalq Həkimlər Günü

53

Hər il oktyabrın ilk bazar ertəsi günü dünya həkimlərinin həmrəyliyinin və fəal əməkdaşlığının rəmzi olaraq Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir.

Denizxeber.az bildirir ki, bu günün qeyd olunması Ümumdünya Səhiyyə Təşkilatı və “Sərhədsiz həkimlər” Beynəlxalq Humanitar Təşkilatının birgə təşəbbüsü ilə bağlıdır.

Hər il “Sərhədsiz həkimlər” təşkilatının minlərlə əməkdaşı dünyanın müxtəlif ölkələrində, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşən insanlara ayrı-seçkilik qoymadan tibbi yardım göstərir. Təşkilatın könüllüləri, həmçinin QİÇS və narkomaniya ilə mübarizə istiqamətində profilaktik və maarifləndirici fəaliyyət həyata keçirirlər.

Həkimlik qədim olduğu qədər də məsuliyyətli və şərəfli peşələrdən biridir. Bəşəriyyətin inkişafının bütün mərhələlərində həkimlərə yüksək dəyər verilib, onların bilik və təcrübəsi nəsildən-nəslə ötürülüb. Zaman keçdikcə tibb elmi inkişaf edərək bir çox ağır və ölümcül xəstəliklərin qarşısının alınmasına, insanların ömrünün uzadılmasına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaradıb.

Azərbaycanda bütün ixtisaslar üzrə həkimlərin sayı 2026-cı ilin əvvəlinə 34,8 min nəfər, orta tibb işçilərinin sayı isə 55,3 min nəfər təşkil edib.

Azərbaycanın tibb işçiləri COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsi zamanı da öz peşə borclarını böyük fədakarlıq və yüksək peşəkarlıqla yerinə yetiriblər. Onlar həm pandemiya ilə mübarizədə, həm də döyüşlər zamanı yaralanan hərbçilərin müalicəsində mühüm xidmətlər göstəriblər.

Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla, ümumilikdə 44 tibb işçisi şəhid olub.

Bu əlamətdar gün münasibətilə bütün həkimləri və tibb işçilərini təbrik edir, onların insan sağlamlığının qorunması naminə göstərdikləri fədakar fəaliyyətə görə təşəkkürümüzü bildiririk. Onlara möhkəm cansağlığı, çətin və şərəfli peşələrində uğurlar arzulayırıq!