Şirkətdən rəsmi açıqlama – VİDEO

43

Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Türkiyə bayrağı altında üzən “Royad Məmmədov” adlı yük gəmisi dron hücumuna məruz qalıb.

Denizxeber.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, gəminin azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olduğu iddia edilir. Məlumata görə, “Rynda” gəmi məlumatları portalında “Royad Mammadov” gəmisinin ISM meneceri kimi “Palmali Gemicilik ve Acentelik” şirkəti göstərilir. “Palmali” Şirkətlər Qrupunun təsisçisi isə Mübariz Mənsimovdur.

Məsələ ilə bağlı “Palmali” Şirkətlər Qrupu açıqlama yayıb. Şirkətdən bildirilib ki, “Palmali” tərəfindən idarə olunan “Royad Məmmədov” gəmisi Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına hərəkət edərkən Rumıniya sahilləri yaxınlığında Qara dənizdə dron hücumuna məruz qalıb.

Açıqlamaya görə, hücumdan sonra gəmidə yanğın baş verib və heyət üzvlərinin təxliyəsi üçün xilasetmə əməliyyatlarına başlanılıb:

“Bu faciəvi hadisə nəticəsində iki dənizçimizin itkisinə görə dərin kədər hissi keçiririk. Digər heyət üzvlərimiz təhlükəsiz şəkildə təxliyə edilərək təhlükəsiz əraziyə aparılıb. Həlak olan dənizçilərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, hadisə nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı Rüstəm İsmayıl oğlu Həsənov həlak olub, digər Azərbaycan vətəndaşı Məhəmməd Həmzə oğlu Süleymanzadə isə itkin düşüb. Digər Azərbaycan vətəndaşları xilas edilib, onlardan üçü xəstəxanaya yerləşdirilib.