Neft tankeri hücuma məruz qaldı

62

Liberiya bayrağı altında üzən və xam neft daşıyan tankerə Qara dənizdə, Rusiyanın Soçi şəhəri sahillərində pilotsuz katerlərlə hücum edilib.

Denizxeber.az bildirir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Andrey Nikitin tankerə hücumun nəticələrinin aradan qaldırılması üzrə qərargahın iclasını keçirib. Nəqliyyat Nazirliyinin məlumatına görə, gəminin Hindistan vətəndaşlarından ibarət 23 nəfərlik heyəti xilas edilib, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.

Hadisə nəticəsində Soçi sahillərində, Qara dənizin akvatoriyasında neft tankerində yanğın baş verib. Daha əvvəl sosial şəbəkələrdə yayılan məlumatlarda yanğına pilotsuz katerlərin hücumunun səbəb ola biləcəyi bildirilmişdi.

“MarineTraffic” qlobal dəniz naviqasiyası platformasının məlumatına görə, tanker bir neçə gündür sahilə yaxın ərazidə lövbərdə olub. “Mash” Telegram kanalı isə bildirib ki, gəminin kapitanı heyətin təxliyəsini tələb etməyə vaxt tapıb. Tankerin Novorossiyskdən Hindistana xam neft daşıdığı və demək olar ki, tam yüklü olduğu qeyd edilib.

Hadisənin səbəbləri və tankerə dəymiş ziyanın həcmi ilə bağlı təfərrüatlar dəqiqləşdirilir.