Ölənlərin sayı artdı

38

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne sahillərində batan “Filo Jet” adlı sərnişin gəmisində itkin düşən şəxslərin axtarışları davam etdirilir.

Denizxeber.az İHA-ya istinadən xəbər verir ki, axtarışlar zamanı daha bir nəfərin cəsədi aşkarlanıb. Bununla da qəza nəticəsində ölənlərin sayı 25-ə çatıb. Son tapılan cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün müvafiq prosedurlara başlanılıb. Hazırda 3 nəfərin axtarışları davam etdirilir.

Qeyd olunur ki, ötən gün axtarış əməliyyatları zamanı daha iki cəsəd aşkarlanıb. Həmin şəxslərin kimliyi DNT analizi nəticəsində müəyyən edilib və cəsədlərin Mahmut Demir və Özgür Gönülə məxsus olduğu təsdiqlənib.

Xatırladaq ki, Girne limanı ilə Mersindəki Taşucu limanı arasında hərəkət edən “Filo Jet” adlı yüksəksürətli sərnişin gəmisi avqustun 30-da günorta saatlarında Girnedən yola düşdükdən qısa müddət sonra ön hissədən göyərtəyə su almağa başlayıb. Gəmi Girne limanına qayıtmağa çalışarkən aşıb.

Gəminin göyərtəsində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov da olub və onlar xilas ediliblər. Ekipaj üzvləri olan Valeh Hümmətov və Rəşad İbrahimov daha sonra gəminin kapitanı və digər ekipaj üzvləri ilə birlikdə istintaq çərçivəsində saxlanılaraq hakim qarşısına çıxarılıblar. Hadisə ilə bağlı başlanmış istintaq çərçivəsində, üçü Azərbaycan vətəndaşı olmaqla, 9 nəfər həbs edilib.

Hadisə ilə bağlı istintaq və axtarış-xilasetmə əməliyyatları davam edir.