Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində hərbi təlimlər zamanı 14 hərbçinin ölümü ilə bağlı aparılan araşdırma fonunda müdafiə nazirinin müavini, polkovnik Asker Beysenovu vəzifəsindən azad edib.
Denizxeber.az bildirir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Asker Beysenov 2023-cü ildən müdafiə nazirinin müavini vəzifəsində çalışıb. Tokayevin sərəncamı ilə Tatyana Savelyeva Qazaxıstan müdafiə nazirinin yeni müavini təyin edilib. Savelyeva oktyabrın 7-də Kurultay deputatı səlahiyyətlərinə xitam verib. O, bundan əvvəl maliyyə nazirinin müavini və Məclisin maliyyə və büdcə komitəsinin sədri vəzifələrində çalışıb.
Xatırladaq ki, sentyabrın 24-də Qazaxıstanın Xəzər dənizi sahilində keçirilən hərbi təlimlər zamanı 17 hərbçini su aparıb, onların 14-ü həlak olub, 3-ü xilas edilib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, insidentlə bağlı açılmış 13 cinayət işi üzrə istintaq çərçivəsində Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı, onun birinci müavini və Müdafiə Nazirliyinin daha dörd əməkdaşı saxlanılıb. Hadisədən sonra müdafiə naziri və Baş Qərargah rəisi də dəyişdirilib.





