Bakı Limanında tır sürücüləri üçün yeni terminal yaradıla bilər

32

Denizxeber.az bildirir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yük avtomobilləri (tırlar) üçün xüsusi terminalın və parkinq kompleksinin tikilməsi planlaşdırılır.

“Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli bildirib ki, hazırda bu istiqamətdə bazar araşdırması aparılır. Təhlillər zamanı Mərkəzi Asiya, Türkiyə, Avropa və Böyük Britaniya istiqamətində yükdaşımaların həcmi və gələcək tələbat nəzərə alınır. Araşdırma yekunlaşdıqdan sonra layihə təsdiq üçün hökumətə təqdim olunacaq.

Liman rəsmisi həmçinin konteyner daşımalarının genişləndirildiyini də diqqətə çatdırıb. Məlumata görə, yeni kranların alınması, dəmir yolu xətlərinin çəkilməsi, dənizdə dibdərinləşdirmə və körpülərin yenilənməsi işləri sayəsində limanın konteyner tutumu gələn ilin ikinci yarısında 260 min TEU-ya çatdırılacaq.

Gələcək mərhələdə isə Bakı Limanının ümumi yükötürmə qabiliyyətinin 25 milyon tona, konteyner tutumunun isə 500 min TEU-ya yüksəldilməsi nəzərdə tutulur.