Bakı Limanında konteyner emalının bu ilin sonunadək 123 min TEU-ya çatacağı gözlənilir

38

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında konteyner aşırılmasının həcmi hazırda 100 min TEU-ya yaxınlaşıb və ilin sonunadək bu göstəricinin təxminən 123 min TEU-ya çatacağı gözlənilir.

Denizxeber.az bildirir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində bildirib.

Qazaxıstan da daxil olmaqla Orta Dəhliz boyunca vəziyyətdən asılı olaraq, gələn il konteyner həcminin 130–140 min TEU-ya yüksələcəyi gözlənilir. Limanın mövcud ötürmə imkanları isə həcmi 150 min TEU-ya qədər artırmağa imkan verir.

Akvatoriyada dibdərinləşdirmə, daxili dəmir yolu xətlərinin çəkilməsi, yeni konteyner meydançasının salınması və yeni körpünün konteyner emalına uyğunlaşdırılması üçün rekonstruksiya işləri davam etdirilir.

Bir yeni kran artıq alınıb, ikinci kran isə sifariş olunub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən master planı və bazar araşdırması hazırlanan II faza çərçivəsində limanın ümumi yükötürmə qabiliyyətinin 25 milyon tona, konteyner gücünün isə 500 min TEU-ya yüksəldilməsi planlaşdırılır.