10 oktyabr 2020-ci ildə imzalanan humanitar atəşkəsdən dərhal sonra, yerli vaxtla saat 02:00-da Ermənistan silahlı qüvvələri Gəncə şəhərini dördüncü dəfə raket atəşinə tutub. Müdafiə Nazirliyinin məlumatına görə, hücum Ermənistanın Berd rayonundan “Skad” tipli ballistik raketlə həyata keçirilib.
Denizxeber.az bildirir ki, Raket dinc sakinlərin yaşadığı binaya düşərək onu tamamilə dağıdıb. Hadisə nəticəsində 10 nəfər həlak olub, 40 nəfər yaralanıb. Ümumilikdə 31 mənzil tamamilə sıradan çıxıb, yaxınlıqdakı obyektlərə və avtomobillərə ciddi ziyan dəyib.
Həmin gün Ermənistan ordusu Mingəçevir Su Elektrik Stansiyasını da hədəf alsa da, raketlər Azərbaycanın Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Müharibə dövründə Gəncəyə edilən ümumilikdə 5 raket hücumu nəticəsində 26 dinc sakin şəhid olub, 175 nəfər yaralanıb.





