“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlara dəyişikliklər olunur.
Denizxeber.az bildirir ki, müvafiq qanun layihəsi Milli Məclisin oktyabrın 13-də keçirilən iclasının gündəliyinə daxil edilib. Dəyişikliyin əsas məqsədi balıqçılıq sahəsində dövlət nəzarətinin operativliyini təmin etmək və aqrar sektor üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) öhdəliyini konkret kəmiyyət meyarlarına keçirməkdir.
Yeni redaksiyaya əsasən, aqrar müəssisələrin layihələndirilməsi zamanı ƏMTQ öhdəliyi heyvandarlıqda 1000 baş iribuynuzlu ekvivalenti, quşçuluqda 40 min baş toyuq ekvivalenti, balıqçılıq və akvakulturada isə illik 500 ton məhsul həddi üzrə müəyyən edilir. Beynəlxalq təcrübəyə, o cümlədən Aİ direktivlərinə və FAO standartlarına uyğunlaşdırılan bu dəyişikliklər kiçik və orta təsərrüfatların maliyyə yükünü azaldacaq, nəzarət resurslarını isə iri istehsal komplekslərinə yönəldəcək.





