Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanında, Reunyon adasının cənubunda “kölgə donanması”na aid olduğu ehtimal edilən “DF Peak” neft tankerini saxlayıb.
Denizxeber.az bildirir ki, Fransa Prezidenti Emmanuel Makron əməliyyatın beynəlxalq dəniz hüququna uyğun olaraq Reunyon adasından 450 dəniz milindən çox məsafədə həyata keçirildiyini bildirib. Gəminin saxta bayraq altında üzməkdə və yanacağın qanunsuz daşınmasında şübhəli bilindiyi qeyd olunub.
Fransanın xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqı xarici işlər nazirlərinin görüşü ərəfəsində “kölgə donanması”na qarşı təzyiqlərin artırılmasına çağırıb. O, Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin hazırlanmasını və bu ilin payızında Parisdə “kölgə donanması”na həsr olunmuş beynəlxalq konfransın keçirilməsini təklif edib.





