Gəmilərdən sızan neft hər il 1,58 milyon kvadratkilometr dəniz sahəsini çirkləndirir

12

Neft çirklənməsi hər il təxminən 1,58 milyon kvadratkilometr dəniz akvatoriyasına mənfi təsir göstərir. Bu çirklənməyə yalnız irimiqyaslı tanker qəzaları deyil, həm də gəmilərdən diqqətdən kənarda qalan kiçik sızmalar və tullantılar daxildir.

Denizxeber.az bildirir ki, “SkyTruth” ətraf mühit təşkilatının 2023–2025-ci illərin peyk görüntülərinin təhlilinə əsaslanan tədqiqatında dənizlərin çirklənmə dərəcəsi qiymətləndirilib. Araşdırmaya əsasən, ən çox zərər çəkən akvatoriyalar Qara, Aralıq və Qırmızı dənizlər, Fars körfəzi, Qərbi Afrika sahilləri və İndoneziya ətrafındakı sulardır.

Tədqiqat göstərir ki, mənbəyi bəlli olan neft ləkələrinin 81 faizi gəmilərin (əsasən tanker və yük gəmiləri), 18 faizi isə dənizdəki neft hasilatı qurğularının payına düşür. Bu sızmalar dəniz axınları ilə daşınaraq qorunan təbii ərazilərə, məsələn, Konqo Respublikasındakı Konkuati-Duli Milli Parkının dəniz zonasına da ciddi təhlükə yaradır. Çirklənməyə səbəb olan gəmilərin yarısından çoxunun sahibini müəyyən etmək mümkün olmadığı üçün təşkilat peyk monitorinqinin genişləndirilməsini və gəmi mülkiyyəti məlumatlarının şəffaf olunmasını tələb edir.