ABŞ İspaniya gəmilərinə rüsum və idxal məhdudiyyətləri tətbiq etməyi təklif edib

14

ABŞ Federal Dəniz Komissiyası (FMC) İspaniya bayraqlı gəmilərə ABŞ limanlarına hər səfər üçün 200 min dollar məbləğində rüsum tətbiq olunmasını təklif edib. Bu addım İspaniya limanlarının ABŞ bayrağı altında üzən gəmilərin girişinə mane olması ilə bağlı aparılan araşdırmadan sonra gündəmə gəlib.

Denizxeber.az bildirir ki, komissiya İspaniyanın bu mövqeyinin ABŞ-nin xarici ticarətində gəmiçilik üçün əlverişsiz şərait yaratdığını bildirib. Araşdırmalar İspaniya hakimiyyətinin ABŞ-nin Dəniz Təhlükəsizliyi Proqramı çərçivəsində fəaliyyət göstərən “Maersk Denver” və “Maersk Seletar” gəmilərinin limanlara girişinə qadağa qoymasından sonra başlayıb.

İspaniya tərəfi qərarını müdafiə və ikili təyinatlı yüklərin tranzitini məhdudlaşdıran qanunlarla əsaslandırsa da, FMC əsas diqqətin təchizat zəncirinin etibarlılığına yönəldiyini vurğulayıb. Rüsumla yanaşı, ABŞ İspaniyadan ətriyyat, kosmetika, keramika və qənnadı məhsullarının idxalına məhdudiyyətləri də nəzərdən keçirir. Məsələ ilə bağlı 60 günlük ictimai müzakirələr başlayıb.