“Çampi” tayfunu Çinin şərq sahillərinə güclü külək və yağıntı gətirib

13

“Çampi” tayfununun yaxınlaşması Çinin şərqindəki sahil bölgələrində ciddi təhlükə yaradıb. Yerli hakimiyyət orqanları əhalinin təxliyəsi və bərə xidmətlərinin dayandırılması da daxil olmaqla təcili ehtiyat tədbirləri görüblər.

Tayfunun gətirdiyi güclü külək və yağıntılardan əsas təsirlənən Şanxay şəhərində 62 min 400 nəfər təhlükəsiz yerlərə köçürülüb. Çejian əyalətinin Zhoushan və Yuhuan şəhərlərində sahil zonasında dalğalardan qorunmaq məqsədilə çimərliklər bağlanıb, turistlər ərazidən uzaqlaşdırılıb və dənizdəki iş fəaliyyəti dayandırılıb. Bəzi ərazilərdə dalğaların hündürlüyünün 9 metrə çatdığı bildirilir.

Tayfun tədricən zəifləsə də, təhlükəsizlik tədbirləri hələ də davam etdirilir. Meteorologiya xidməti qarşıdakı günlərdə də yağış və güclü küləyin davam edəcəyini proqnozlaşdırıb. Eyni zamanda, sərnişin marşrutları ardıcıl olaraq dayandırılıb, Fucien əyalətində də oxşar tədbirlər görülüb, eləcə də bir sıra sürətli dəmir yollarının müəyyən hissələrində müvəqqəti sürət məhdudiyyətləri tətbiq olunub.