Əfsanəvi “Titanik” gəmisinin faciəsindən bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, yeni texnologiyalar və gəmi qalıqlarının unikal rəqəmsal 3D skan edilməsi bu qəza ilə bağlı bir çox əsl həqiqəti üzə çıxarıb.
Sualtı aparatların köməyi ilə təxminən 3800 metr dərinlikdə çəkilən 700 mindən çox foto əsasında yaradılan yüksək dəqiqlikli model məşhur fəlakətin təfərrüatlarına yenidən baxmağa imkan verib.
Ölümcül deşik yox, dar cırıqlar
Aparılan tədqiqatlar göstərib ki, aysberq gəmiyə tək və nəhəng bir deşik açmayıb. Gövdəyə dəyən zərbə nəticəsində bir neçə dar və kiçik cırıq əmələ gəlib. Lakin su eyni anda altı bölməyə axmağa başlayıb. Gəmi isə yalnız dörd bölmənin su altında qalmasına dözə biləcək şəkildə layihələndirilmişdi. Bölmələrin sayının çoxluğu və gəmi gövdəsini birləşdirən pərçimlərin keyfiyyətsiz olması (buzlu suda kövrəkləşməsi) fəlakəti qaçılmaz edib.
Gəmi su üstündə ikiyə bölünüb
İllərdir müzakirə olunan “Titanik suyun içində yoxsa səthdə ikiyə bölünüb?” sualına da 3D skanlama son qoyub. Model göstərib ki, arxa hissə demək olar ki, şaquli şəkildə yuxarı qalxarkən yaranan gərginlik nəticəsində gəmi məhz səthdə iki yerə parcalanıb. Həmçinin, buzlu suyun qazanxanalara dolması nəticəsində baş verən kəskin təzyiq düşməsi qazanların yerindən qopmasına və batma sürətini daha da artırmasına səbəb olub.
Son saniyələrə qədər yanğınsöndürənlər və mühəndislər postda qalıblar
Yeni faktlar arasında ən təsirlisi isə gəminin enerji sisteminin son anlara qədər işlək vəziyyətdə qalmasıdır. Gəminin burnu batarkən göyərtələrdə işıqların yanması mühəndislərin, elektrikçilərin və ocaqçıların son saniyəyə qədər postlarında çalışdıqlarını sübut edir. Məhz onların fədakarlığı sayəsində radio rabitəsi işləyib, yardım siqnalları göndərilib və yüzlərlə insana xilasetmə qayıqlarına çatmaq şansı yaranıb.
Mütəxəssislər bildirirlər ki, dəmiri yeyən bakteriyalar və zamanin təsiri ilə əfsanəvi gəmi tədricən yoxa çıxmaqdadır və gələcəkdə onun yeganə xatirəsi məhz bu cür rəqəmsal surətlər olacaq.





