Qlobal ticarətdə yeni marşrutlar dövrü

111

Hörmüz boğazında yaranmış gərginlik fonunda beynəlxalq gəmiçilik şirkətləri alternativ logistika marşrutlarının formalaşdırılması istiqamətində fəaliyyətlərini genişləndiriblər. “Bloomberg” agentliyinin məlumatına əsasən, yeni marşrut Avropa ilə Fars körfəzi regionunu birləşdirən çoxpilləli nəqliyyat zənciri üzərində qurulacaq.

Layihə çərçivəsində yükdaşımaların dəniz, avtomobil və yenidən dəniz nəqliyyatı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Planlaşdırılan marşrut üzrə yüklər Avropanın əsas limanlarından – o cümlədən Antverpen (Belçika), Almaniya, İtaliya, Litva və İspaniya limanlarından toplanaraq Süveyş kanalı vasitəsilə Qırmızı dənizə daşınacaq. Daha sonra Ciddə və Kral Abdullah limanlarında boşaldılaraq Səudiyyə Ərəbistanı ərazisindən avtomobil nəqliyyatı ilə Körfəz regionunun şərq hissəsinə – Dammam istiqamətinə çatdırılacaq. Yekun mərhələdə isə yüklərin kiçik tutumlu gəmilərlə Əbu-Dabi və Cəbəl-Əli kimi əsas logistika mərkəzlərinə ötürülməsi planlaşdırılır.

Marşrutun tətbiqi Hörmüz boğazında mövcud məhdudiyyətlər və uzunmüddətli risklər fonunda ticarət əlaqələrinin fasiləsizliyinin təmin edilməsinə yönəlib. Lakin ekspertlərin qiymətləndirməsinə görə, bu cür çoxpilləli logistika zəncirləri daşınma müddətinin uzanmasına və ümumi xərclərin artmasına səbəb olur.

Yeni yanaşma beynəlxalq ticarət axınlarının davamlılığının qorunması və təchizat zəncirlərinin alternativ istiqamətlər üzrə diversifikasiyası baxımından mühüm addım kimi qiymətləndirilir.