Zədələnmiş gövdə istismar zamanı düzəldildi

97

Belçikanın sualtı təmir üzrə ixtisaslaşmış “Hydrex” şirkəti Rotterdam limanında təchizat gəmisinin gövdəsində təsnifat cəmiyyəti tərəfindən təsdiqlənmiş təmir işləri həyata keçirib.

Məlumata əsasən, gəminin sağ bort hissəsində yerləşən saxlama çənində aşkar edilmiş zədə, gəmi limanda lövbər saldığı müddətdə aradan qaldırılıb. Bu müdaxilə nəticəsində gəminin planlaşdırılmamış quru doka daxil edilməsinə ehtiyac yaranmayıb və əlavə vaxt itkisinin qarşısı alınıb.

Təmir prosesi zamanı gəminin gövdəsinin xarici hissəsinə koferdam (müvəqqəti sukeçirməyən kamera) quraşdırılaraq zədələnmiş sahə izolyasiya edilib. Daha sonra mütəxəssislər daxili strukturu yoxlayaraq təsnifat cəmiyyətinin nəzarəti altında 200 mm diametrli polad lövhənin qaynaq işlərini həyata keçiriblər.

“Hydrex” şirkətinin nümayəndələri bildiriblər ki, bu cür operativ sualtı təmir işləri gəmi sahiblərinə əlavə maliyyə xərclərindən yayınmağa və gəmilərin kommersiya fəaliyyətini fasiləsiz şəkildə davam etdirməyə imkan verir.

Seanews.az