Neft qiymətlərində eniş

130

ABŞ ilə İran arasında mümkün sülh razılaşmasına dair yayılan xəbərlər beynəlxalq enerji bazarlarında qiymətlərin kəskin enməsinə səbəb olub.

Hazırda “Brent” markalı xam neftin bir bareli təxminən 10 faiz ucuzlaşaraq 98 dollara, “Light” markalı neft isə 9 faizdən çox dəyər itirərək 90 dollara düşüb.

Avropada təbii qaz bazarında da eniş müşahidə olunur. Niderlandın TTF habında iyun fyuçersləri üzrə qazın qiyməti təxminən 12,5 faiz azalaraq meqavat-saat üçün 41 avro səviyyəsində formalaşıb.

Ekspertlərin fikrincə, qiymət azalmasının əsas səbəbi ABŞ ilə İran arasında müharibənin dayandırılması və nüvə proqramı üzrə daha geniş danışıqlara başlanılması məqsədilə anlaşma memorandumunun imzalanmasına yaxın olunduğu barədə məlumatlardır.

Analitiklər qeyd edirlər ki, qlobal mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında gərginliyin azalması xüsusilə Avropa üçün mühüm əhəmiyyət daşıyır. Çünki region ölkələri qış mövsümü öncəsi enerji ehtiyatlarını artırmağa çalışırlar.

Yaxın Şərqdə gərginlik başlamazdan əvvəl “Brent” markalı neftin qiyməti təxminən 70 dollar idi. Münaqişə dövründə isə qiymətlər kəskin artaraq “Brent” üzrə təxminən 90 faiz, “Light” nefti üzrə isə 80 faizdən çox bahalaşmışdı.