Akademiyanın rəmzlərinin müəlliflərinə mükafat təqdim olunub

160

8 may 2026-cı il tarixində Azərbaycan Rəssamlıq Akademiyasında (AzRA) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) beynəlxalq nüfuzunu, strateji hədəflərini və müasir korporativ üslubunu əks etdirən rəsmi emblem və loqotip müəlliflərinin mükafatlandırılması mərasimi keçirilib. 

Tədbirdə ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev, Akademiyanın nümayəndə heyəti, AzRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, prorektorlar, İncəsənət Kollecinin direktoru Elşad Əhmədov, professor-müəllim heyəti və müsabiqədə qatılan tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Natiq Əliyev qonaqları salamlayaraq, ADDA-nın vizual kimliyinin formalaşmasında AzRA tələbələrinin iştirakından məmnunluğunu ifadə edib və  bu cür yaradıcı əməkdaşlıqların gənclərin peşəkar inkişafına mühüm töhfə verdiyini və onların peşəkar formalaşmasına xidmət edən mühüm bir təcrübə olduğunu qeyd edib.

Daha sonra çıxış edən Eldar Qocayev AzRA rəhbərliyinə və əməyi keçən müəllim və tələbə kollektivinə təşəkkürünü bildirib. O, tələbələrin müsabiqəyə yüksək məsuliyyət və yaradıcılıqla yanaşdıqlarını, ümumilikdə 70-dən artıq eskiz layihəsinin təqdim olunduğunu qeyd edib. Təqdim olunan işlərin yüksək səviyyədə hazırlandığı nəzərə alınaraq, ADDA-nın fakültələri və Azərbaycan Dənizçilik Kolleci üçün yeni loqoların seçildiyini, və onların Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində rəsmi qeydiyyata alındığını diqqətə çatdırıb.

Eldar Qocayev çıxışının sonunda müsabiqə qaliblərini elan edərək onlara diplomları təqdim edib. AzRA-nın Memarlıq və Dizayn fakültəsinin II kurs tələbələri Əfşan Şamızadə və Aynur Cəbrayılova müvafiq olaraq I və II yerlərə, İncəsənət Kollecinin Qrafik dizayn ixtisası üzrə III kurs tələbəsi Jalə Tağıyeva isə III yerə layiq görülüb. Eyni zamanda müsabiqədə iştirak edən bütün tələbələr sertifikatlarla təltif olunublar.

Tədbir Akademiyanın professor-müəllim və tələbə heyətinin əl işlərindən ibarət sərgiyə baxışla davam edib.

ADDA.