ADDA-da Elmi Şuranın növbəti iclası keçirilib

87

13 may 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Elmi Şuranın növbəti iclası keçirilib.

ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq “Gəmi mexanikası və elektromexanikası” və “Gəmi sürücülüyü” fakültələrinin hesabat dövrü ərzində tədris və elmi fəaliyyətinə dair hesabatlar dinlənilib və Akademiyanın brendinq strategiyası çərçivəsində yeni rəsmi emblemləri müzakirə edilərək təsdiqlənib.

İclasda 2025/2026-cı tədris ilinin yaz semestri üzrə imtahan sessiyasına hazırlıq məsələləri də müzakirə olunub və imtahan sessiyasının daha şəffaf, obyektiv və səmərəli təşkilini təmin edən əmr layihəsi qəbul edilib.

Akademiyada idarəetmə və tədris proseslərinin müasir rəqəmsal standartlara uyğunlaşdırılması, “Elektron Akademiya” mühitinin formalaşdırılması və vahid rəqəmsal transformasiya strategiyasının hazırlanması məqsədilə İşçi Qrup yaradılıb. Qrupa rəqəmsal bacarıqların inkişafı, elektron kargüzarlığın genişləndirilməsi və Tədrisin İdarəetmə Sisteminin (TİS) təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

İclas zamanı həmçinin riyaziyyat üzrə fəlsəfə doktoru Bəhruz Ağarzayevə dosent elmi adının verilməsi üçün Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub. Bununla yanaşı, dənizçilik sahəsi üzrə yeni dərs vəsaitləri, monoqrafiyalar və fənn proqramları təsdiqlənərək çapa tövsiyə edilib.

İclasın sonunda 2025/2026-cı tədris ilinin “Məzun günü” tədbirinin təşkili ilə bağlı aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

ADDA.