Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda Avropa İttifaqı internet trafikinin təhlükəsizliyini təmin etmək məqsədilə Arktika üzərindən alternativ rəqəmsal dəhliz yaratmağı planlaşdırır.
Hazırda Avropanın internet trafikinin təxminən 90 faizi Qırmızı dəniz marşrutu üzərindən ötürülür. Bu isə bölgədəki təhlükəsizlik riskləri səbəbindən Avropanın rəqəmsal suverenliyi üçün ciddi təhdid hesab olunur.
Bu məqsədlə “Far North Fiber” və “Polar Connect” layihələri gündəmdədir. Şimal qütbü üzərindən çəkilməsi nəzərdə tutulan fiber-optik xətlər Avropanı Asiya və Şimali Amerika ilə birləşdirərək həm məlumat ötürmə məsafəsini qısaldacaq, həm də yüksək riskli bölgələrdən asılılığı azaldacaq.
Layihələrin ümumi dəyərinin təxminən 2,3 milyard dollar olduğu bildirilir. Marşrut üzrə ilkin tədqiqat işlərinə isə artıq bu yay başlanılması planlaşdırılır.
Bununla yanaşı, Arktika marşrutu ciddi texniki çətinliklərlə müşayiət olunur. Şimal Buzlu okeanında hərəkət edən buz kütlələrinin sualtı kabellərə zərər vurma ehtimalı yüksək qiymətləndirilir. Bundan əlavə, bölgədə təmir işləri üçün kifayət qədər buzqıran gəminin olmaması mümkün nasazlıqların aradan qaldırılmasını aylarla gecikdirə bilər.
Ekspertlər qeyd edirlər ki, daha əvvəl oxşar təşəbbüslə çıxış edən ABŞ-nin “Quintillion” şirkətinin yüksək əməliyyat xərcləri və texniki problemlərlə üzləşməsi Avropanın bu layihəsinin reallaşması ilə bağlı müəyyən suallar yaradır.
Seanews.az





