“Kpler” ticarət kəşfiyyat platformasının təqdim etdiyi yüksək dəqiqlikli AIS (Automatic Identification System) məlumatları gəmi kirayəçilərinin seçim prosesində mühüm dəyişikliklər yaradır.
Hazırda bir çox şirkət müddətli kirayə üçün gəmi seçərkən əsasən çarter müqaviləsi (CP) spesifikasiyalarına, klas sənədlərinə və broker məlumatlarına güvənir. Lakin bu göstəricilər gəminin real və davamlı texniki vəziyyətini tam əks etdirmir. Xüsusilə quru dokdan çıxış müddəti uzandıqca bəzi gəmilərin yanacaq sərfiyyatı nəzərdə tutulandan 5–15 faiz daha çox olur ki, bu da əlavə maliyyə riskinin birbaşa kirayəçinin üzərinə düşməsinə səbəb olur.
“MarineTraffic”, “FleetMon” və “Spire Maritime” platformaları vasitəsilə təqdim olunan AIS analitikası isə gəminin sürət və hərəkət tarixçəsini hava şəraiti ilə əlaqələndirərək mühərrik və gövdə vəziyyətini daha dəqiq qiymətləndirməyə imkan yaradır. Bu texnologiya sayəsində kirayəçilər gəminin son 6–18 aylıq fəaliyyətini izləyə, gövdədəki çirklənmə səviyyəsini və mühərrikdə yaranan aşınmaları müəyyən edə bilirlər.
Nəticədə, kirayə müqaviləsi bağlanmazdan əvvəl gəminin sürəti və yanacaq sərfiyyatı ilə bağlı müstəqil və etibarlı məlumat bazası formalaşır. Beləliklə, texniki komandalar göstəriciləri gəmi kirayəyə götürüldükdən sonra deyil, hələ seçim mərhələsində qiymətləndirərək görünməyən yanacaq xərclərini azalda və riskləri minimuma endirə bilirlər.
Seanews.az





