Dəniz resurslarının qorunması üçün yeni addımlar

134

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ölkənin bütün su hövzələrində ovu hər il mayın 1-dən sentyabrın 1-dək qadağan edilir. Bununla əlaqədar balıq ehtiyatlarının qorunması və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilib.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən mart–may ayları ərzində respublikanın müxtəlif regionlarında genişmiqyaslı nəzarət və profilaktik tədbirlər həyata keçirilib. Tədbirlər Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi əməkdaşları ilə birgə təşkil olunub.

Görülən işlər çərçivəsində balıqçılarla ov mövsümünün qadağan olunması barədə maarifləndirici söhbətlər aparılıb, qanunsuz balıq ovuna qarşı mütəmadi reydlər keçirilib. Aşkar olunan torlar və digər qanunsuz balıq ovlama vasitələri sudan çıxarılaraq müvafiq qaydada məhv edilib.

Cari ilin 1 yanvar – 14 may tarixləri arasında keçirilən reydlər nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan 48 nəfər məsuliyyətə cəlb edilib. 45 fakt üzrə inzibati protokol tərtib olunub, 3 fakt üzrə isə cinayət məsuliyyəti yarandığı üçün materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Mayın 12-də IDEA İctimai Birliyi və Balıqçılıq və Akvakultura Mərkəzinin təşəbbüsü ilə, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi və “Bakı balıqçılar və sualtı ovçular klubu” İctimai Birliyinin iştirakı ilə Kür çayının Xəzər dənizinə töküldüyü hissədə təmizlik aksiyası keçirilib. Aksiya zamanı xüsusi qayıqlar və sanitar avadanlıqlardan istifadə olunaraq Kür çayının delta hissəsi balıqçılıq torlarından, ov alətlərindən və məişət tullantılarından təmizlənib.

Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən balıq ehtiyatlarının mühafizəsi, qanunsuz balıq ovuna qarşı mübarizə və ekoloji maarifləndirmə tədbirlərinin davam etdirildiyi bildirilib.

agro.gov.az