Xəzərin enerji potensialı öyrənilir

150

“EOLOS Floating LiDAR Solutions” şirkəti Xəzər dənizində “Azerbaijan Green Energy Company” (AGEC) üçün dəniz külək enerjisi sahələrinin qiymətləndirilməsi məqsədilə FLS200 modelli inteqrasiya olunmuş üzən LiDAR dəniz nişanını (buy) istismara verib.

Bu kampaniya regionda dəniz külək zonalarının qiymətləndirilməsi üzrə həyata keçirilən ilk təşəbbüs hesab olunur.

Qeyd edək ki, “EOLOS” şirkəti 2026-cı ilin yanvar ayında dəniz obyektində ölçmə kampaniyasının kompleks şəkildə həyata keçirilməsi üzrə keçirilən tenderin qalibi olub. Şirkətin məlumatına görə, “ABL Group”a daxil olan “OWC” şirkəti layihə üzrə texniki məsləhətçi kimi çıxış edib.

Bir il davam edəcəyi gözlənilən kampaniyanın məqsədi külək turbinləri və bünövrə növlərinin seçilməsi üçün zəruri olan investisiya səviyyəli məlumat bazasının formalaşdırılmasıdır.

Müqavilə AGEC ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Xəzər dənizində ilkin tədqiqat və hazırlıq işlərinin aparılmasına dair imzalanmış saziş çərçivəsində bağlanıb.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Energetika Nazirliyi AGEC-in törəmə şirkəti olan “Clean Energy Capital” ilə ilkin gücü 200 MVt, ümumi gücü isə 600 MVt təşkil edən dəniz külək enerjisi layihəsinin qiymətləndirilməsi, işlənməsi və həyata keçirilməsi barədə saziş imzalayıb.

Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal daha əvvəl bildirib ki, Azərbaycan dənizdə (ofşor) külək enerjisi infrastrukturunun yaradılmasına dəstək məqsədilə ADB-yə müraciət edib.

“Acwa” şirkətinin Mərkəzi Asiya üzrə regional prezidenti Abid Malik isə qeyd edib ki, şirkət Azərbaycanda bu istiqamətdə həyata keçiriləcək layihələrin texniki-iqtisadi əsaslandırılmasının qiymətləndirilməsində iştirak etməyi planlaşdırır.

Azərbaycan 2030-cu ilə qədər ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payını 38 faizə çatdırmağı hədəfləyir. Bu məqsədlə hazırda ümumi gücü 8 QVt olan bərpa olunan enerji layihələri icra edilir.