Dənizçi qadınlar üçün xüsusi tədbir

89

18 May – Beynəlxalq Dənizçi Qadınlar Günü münasibətilə AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində xüsusi tədbir təşkil olunub.

Tədbirdə ASCO-da çalışan xanımlarla yanaşı, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən dövlət qurumlarının, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin, tərəfdaş gəmiçilik şirkətlərinin və dənizçilik təhsili müəssisələrinin xanım əməkdaşları iştirak ediblər.

İştirakçılar əvvəlcə gəminin göyərtəsindən “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun yelkənçilərinin dənizdə nümayiş keçidini izləyiblər.

Daha sonra dənizçi xanımlar üçün muzeyin ekspozisiya zallarına tur təşkil olunub. Qonaqlar Azərbaycan gəmiçiliyinin tarixi və zəngin dənizçilik irsini əks etdirən eksponatlarla yaxından tanış olublar.

Tədbir çərçivəsində Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovanın şəxsi ailə arxivinə aid nadir fotolar da nümayiş etdirilib.

Görüş səhər yeməyi süfrəsi arxasında səmimi müzakirələrlə davam edib, iştirakçılar müxtəlif əyləncəli müsabiqələrdə də iştirak ediblər.

Qeyd edək ki, 18 May – Beynəlxalq Dənizçi Qadınlar Günü Beynəlxalq Dəniz Təşkilatının (IMO) təşəbbüsü ilə 2021-ci ildə təsis olunub. Bu günün məqsədi dənizçilik sahəsində çalışan qadınların rolunu təşviq etmək, gender bərabərliyini dəstəkləmək və onların dəniz sənayesində iştirakını artırmaqdır.

Azərbaycan da IMO-nun üzv dövləti kimi bu istiqamətdə beynəlxalq təşəbbüsləri dəstəkləyir və dənizçilik sahəsində qadınların iştirakının genişləndirilməsinə xüsusi önəm verir.

#ASCO