Gəmiçilik şirkətləri Afrikaya yönəlir

56

Qlobal ticarət marşrutlarının Ümid burnu (Cənubi Afrika) istiqamətinə yönəlməsi Qərbi Afrikanı beynəlxalq gəmiçilik üçün strateji mərkəzə çevirərək regionda yeni inkişaf imkanları yaradıb.

Bu marşrut dəyişikliyi gəmilərin yanacaq (bunker) doldurma və təmir xidmətlərinə tələbatı kəskin artırdığından, aparıcı dənizçilik şirkətləri regionda fəaliyyətlərini genişləndirirlər.

Bu tendensiyanın davamı olaraq dünyanın ən böyük dəniz yanacağı təchizatçılarından biri olan “Minerva Bunkering” Mavritaniya limanlarında kommersiya gəmiləri və ofşor platformalar üçün yeni bunker xidmətinə başlayıb. Son bir il ərzində “Flex Commodities”, “Vitol Bunkers”, “Monjasa” və “Global Fuel Supply” kimi şirkətlər də regionda mövqelərini gücləndiriblər.

Gəmi təmiri sahəsində “Damen” şirkəti Seneqal hökuməti ilə 20 illik müqavilə imzalayaraq Dakar tərsanəsinin idarəetməsini üzərinə götürüb. Şirkət burada həm təmir-baxım xidmətləri göstərməyi, həm də gələcəkdə yeni gəmi tikintisinin bərpasını planlaşdırır.

Eyni zamanda qlobal konteyner daşıyıcıları da regionda fəallığını artırır. “MSC” meqa-konteyner gəmilərini Qərbi Afrika limanlarına yönəldib, “Hapag-Lloyd” isə mayın 20-dən etibarən Benin Respublikasının Kotonu limanında yeni ofisini istifadəyə verib. Bu liman dənizə çıxışı olmayan Niger və Burkina-Faso kimi ölkələr üçün əsas ticarət qapısı rolunu oynayır.

Seanews.az