“Euronews” telekanalının Xəzər dənizinin ekoloji vəziyyətinə həsr etdiyi geniş reportajda “Suraxanı” gəmi-muzeyinə də xüsusi yer ayrılıb. Videomaterialda muzey mövzuya giriş və vizual başlanğıc nöqtəsi kimi təqdim olunub. Reportajda qeyd edilib ki, dünyanın ilk tanker-muzeyi olan “Suraxanı” gəmisi vaxtilə Xəzər dənizində neft daşımalarında iştirak edib.
Xəzərdə su səviyyəsinin azalması və bunun ekosistemə təsiri barədə məlumat verilərkən, gəmi-muzeydə nümayiş etdirilən Xəzərin flora və faunasına aid eksponatların görüntülərindən istifadə olunub.
Qeyd edək ki, “Suraxanı” gəmi-muzeyi beynəlxalq media qurumlarının daim maraq göstərdiyi məkanlardan biridir. Müxtəlif ölkələrin tanınmış jurnalist və media nümayəndələri muzeyi ziyarət edərək onun tarixi və zəngin ekspozisiyası barədə xüsusi reportajlar hazırlayıblar.




