“China State Shipbuilding Corp.” (CSSC) tərəfindən inşa edilən ikinci böyük kruiz gəmisi — “Adora Flora City” dəniz sınaqlarına başlayıb. 141 900 qrostonluq gəminin tikintisinin 97,8 faizi artıq tamamlanıb və onun cari ilin 6 noyabrında təhvil verilməsi planlaşdırılır.
Əvvəlki analoqundan 17,4 metr daha uzun olan (ümumi uzunluğu 341 metr) gəmi 2 130 kayuta və 5 232 sərnişin tutumuna malikdir. Layihədə süni intellekt əsaslı sərnişin idarəetmə sistemləri, ağıllı robot texnologiyaları və rəqəmsal naviqasiya həlləri tətbiq olunub.
Mayın 15-də başlayan 12 günlük dəniz sınaqları çərçivəsində gəminin hərəkətverici sistemləri, sükan mexanizmləri, vibrasiya göstəriciləri, sürət parametrləri və enerji səmərəliliyi üzrə performansı yoxlanılır. Sınaqlarda 12 ölkədən 900-dən çox mühəndis iştirak edir.
“Adora Cruises” tərəfindən idarə olunacaq gəminin ilkin marşrutlarına Quançjoudan Honkonq, Vyetnam, Malayziya və Bruney istiqamətləri daxildir. Şirkət gələcək mərhələdə tam yerli istehsal zənciri ilə daha böyük kruiz donanması formalaşdırmağı hədəfləyir.
Seanews.az





