Özbəkistan gələcək yük donanmasını Türkmənistan və Qazaxıstan limanlarında yerləşdirməyi nəzərdən keçirir. Məqsəd ixrac-idxal yüklərinin sabit daşınmasını təmin etmək və tranzit marşrutlarda gecikmələri azaltmaqdır.
Məlumata görə, ölkə Xəzər dənizində fəaliyyət göstərəcək yük bərələrinin icarəsi və alınması mexanizmlərinin hazırlanmasına başlayıb. Bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirinin müavini vəzifəsini icra edən Şoxruh Qulamov məlumat verib.
Qulamov bildirib ki, öz donanmasının yaradılması logistika sahəsində yeni strateji istiqamət olacaq. Bərə tikintisinin uzunmüddətli proses olduğu nəzərə alınaraq, qısa müddətdə ehtiyacların qarşılanması üçün icarə mexanizmlərinin də nəzərdən keçirildiyi qeyd olunub.
Qeyd edək ki, 2025-ci ilin iyulunda Özbəkistan və Azərbaycan arasında nəqliyyat əməkdaşlığının genişləndirilməsinə dair protokol imzalanıb, avqust ayında isə Türkmənistanla gəmiqayırma sahəsində əməkdaşlıq üzrə memorandum bağlanıb.





