Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə tranzit daşımalarında artım müşahidə olunur, yüklərin çatdırılma müddəti azalır və konteyner həcmləri yüksəlir.
Bu barədə Astanada Qazaxıstan nəqliyyat nazirinin müavini Janibek Tayjanov ilə Avropa Komissiyasının Beynəlxalq Tərəfdaşlıqlar üzrə Baş Direktorluğunun nümayəndəsi Serxio Ollyete Xosa arasında keçirilən görüşdə bildirilib.
Görüşdə Xəzər regionunda liman infrastrukturunun inkişafı, o cümlədən Aktau limanında körpülərin yenidən qurulması və bərə xidmətlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Layihələrin Avropa İttifaqı və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyi ilə həyata keçirildiyi qeyd edilib.
Tərəflər həmçinin nəqliyyat və logistika proseslərinin rəqəmsallaşdırılması, elektron sənəd dövriyyəsi sistemlərinin inkişafı və beynəlxalq avtomobil daşımalarında icazələrin elektron mübadiləsinə keçid məsələlərinə toxunublar. Qazaxıstan tərəfi bu təşəbbüsə Aİ ölkələrinin də qoşulmasını təklif edib.
Görüşün sonunda tərəflər Trans-Xəzər dəhlizinin Asiya ilə Avropa arasında etibarlı və rəqabətqabiliyyətli marşrut kimi inkişafı istiqamətində əməkdaşlığın davam etdiriləcəyini vurğulayıblar.





