Xəzərə nərə balığı körpələri buraxılıb

250

Neftçala, 22 may – Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Neftçalada Xəzər dənizinə nərə cinsindən olan balıq körpələrinin buraxılması aksiyası keçirilib.

Aksiya Kənd Təsərrüfatı Nazirliyi, Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxs, FAO, Neftçala Rayon İcra Hakimiyyəti, eləcə də bir sıra özəl şirkətlərin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla anılıb. Daha sonra iştirakçılara biomüxtəlifliyin qorunması, nərə balıqlarının ekosistemdə rolu və su bioresurslarının dayanıqlı idarə olunması barədə məlumat verilib.

Çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, biomüxtəlifliyin qorunması qlobal çağırış olmaqla yanaşı, yerli səviyyədə ardıcıl tədbirlərin həyata keçirilməsini tələb edir. O qeyd edib ki, Azərbaycanda bu istiqamətdə dövlət siyasəti sistemli şəkildə icra olunur və balıqçılıq və akvakultura sahəsində müasir yanaşmalar tətbiq edilir. Nazir vurğulayıb ki, Xəzər dənizi və daxili su hövzələrində su bioresurslarının bərpası, akvakulturanın inkişafı və nəzarət mexanizmlərinin gücləndirilməsi əsas prioritetlərdəndir.

Məcnun Məmmədovun sözlərinə görə, cari il ərzində Xəzərin Azərbaycana aid sektoruna mərhələli şəkildə 150 min nərə balığı körpəsinin buraxılması planlaşdırılır, bu rəqəmin növbəti aylarda 500 minə çatdırılması nəzərdə tutulur. Həmçinin payız aylarında 50 min qızılbalıq körpəsinin ölkə daxili su hövzələrinə buraxılması planlaşdırılır.

Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Xəzər dənizinin unikal ekosistem olduğunu diqqətə çatdıraraq nərə və qızılbalıq kimi növlərin qorunmasının xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bu istiqamətdə aparılan balıqburaxma kampaniyaları biomüxtəlifliyin bərpasına mühüm töhfə verir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və FAO-nun Azərbaycan ofisinin rəhbəri Bariz Mehdiyev də çıxış edərək ekoloji aksiyaların əhəmiyyətini vurğulayıblar. Onlar su bioresurslarının qorunması və Xəzər ekosisteminin dayanıqlı idarə olunması istiqamətində birgə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Sonda 2 min ədəd nərə balığı körpəsi Xəzər dənizinə buraxılıb. Aksiya ölkədə biomüxtəlifliyin qorunması və su bioresurslarının bərpası istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi qiymətləndirilib.